Həm mühafizəsi, həm az girilib-çıxılan yer olması, həm də, dəm-dəzgahı səbəbilə server otaqları mümkün qədər gözdən, əl-ayaqdan uzaq yerlərə yerləşdirilir. Əksərən bu yerlər ofis binalarının alt mərtəbəsi, hətta zirzəmisi olaraq təyin edilir. Müşahidələrimdə də buna çox rast gəlmişəm.
Amma son günlər Bakıda yağan şiddətli yağışlar və su basan zirzəmilər bizə göstərdi ki, ən təhlükəsiz zənn etdiyimiz, “heç kimin girmədiyi” yerlər bəzən ən böyük risk mənbəyinə çevrilə bilər. Bir neçə saatlıq yağış böyük dəyərdə avadanlıqları və ən əsası illərlə toplanmış bərpaedilməz məlumatları məhv etmək gücündədir.
Əslində beynəlxalq IT standartlarına (məs TIER) görə server otaqlarının zirzəmidə yerləşdirilməsi arzuolunmazdır. Lakin yer məhdudiyyətinə görə buna məcburuqsa, bəzi kritik addımlar sadəcə tövsiyə deyil, şərtdir:
- İlk növbədə mütləq şəkildə su aşkarlayıcı sensorlardan istifadə edilməlidir. Döşəmədə ən xırda nəm yaranan kimi İT və təhlükəsizlik bölmələrinə SMS və email xəbərdarlığı göndərən monitorinqi sistemləri.
- Döşəmə qaldırılmalıdır. Kabellərin və server racklarının alt hissəsinin birbaşa yerlə təmasda olmaması üçün bunu etmək mütləqdir.
- Ehtiyat su xətləri və nasoslar hazır edilməlidir. Suyun səviyyəsi kritik həddə çatmadan onu kənarlaşdıracaq avtomatlaşdırılmış mexanizmlər quraşdırılmalıdır.
Nəzərə almaq lazımdır ki, kritik infrastruktur sadəcə kiberhücumlara deyil, həm də fiziki və təbii fəlakətlərə qarşı möhkəm olmalıdır. Ümid edirəm, qurumlarımız bu hadisələrdən “business continuity” (biznesin davamlılığı) adına düzgün nəticə çıxaracaq.
