“Linux” sahəsi üzrə bir çox səhifə, veb sayt, forum varkən, əlavə yeni bir saytın ortaya çıxmasına nə ehtiyac var deyə düşünə bilərsiniz. Biz isə, bütün bu düşüncələri artıq bir kənara atacaq, nəzərdən qaçmayacaq dərəcədə yeni, rəngarəng, müxtəlif düşüncə və ideyaların cəmləşdiyi, sadəcə sayt anlayışından ibarət olmayan, uzun zamandır şuüraltında gəlməsi gözlənilən ortaq dəyərlərin birləşdiyi bir “Community”, bir birlik qurumu ərsəyə gətirdiyimizi sizə bildirmək istəyirik.
Bəli, bir “Community”
Missiyamız, baxışımız, yönümüz, duruşumuz nədir, necədir, nə və kim üçündür?
Biz, ticarət düşüncələri ilə məlumatların məxfi saxlanıldığı “dünyada”, bunun əksi ilə – yəni açıq “dünyanı” sizin önünüzə sərərək, bu sahədə ilk addım atanlardan – bütün ömrünü bu işə həsr etmiş professionallara qədər hamının bir-biri ilə məlumat mübadiləsi apara biləcəyi, yardımlaşacağı, faydalanacağı, düşüncə və ideyalarını təqdim edərək lazımi kömək və məsləhətlərin alacağı bir birlik, bir qurum formalaşdırmaq qərarına gəldik. İnsanların bu sahədə həyata keçirmək istədiyi bir çox ehtiyaclarının olduğunu gördük və bu yöndə ilk addım atmağı özümüzə bir borc bilərək bir “Community” qurmağa qərar verdik və qurduq.
Planlanmış mərhələlərlə bir çox yeniliyin bir arada cəmlənməsini təmin etməklə başladığımız bu yolda, tədricən böyüyərək, “Açıq mənbə dünyası”nın hər “qarışını” əhatə edəcək bir layihəyə başladıq.
“Linux”un yəni ucsuz-bucaqsız genişlənən bir “okean”dan faydalanmağı, istifadəni, “dərinlik”lərini öyrənməyi, öyrətməyi, geniş kütləyə yayımlamağı qarşımıza məqsəd qoyduq və həmin məqsədə çatmaq üçün hərəkətə keçdik.
“Pre-alfa” olaraq müəyyən etdiyimiz o ilkin mərhələnin üzərindən artıq 10 il keçdi və hazırda “Alfa” mərhələsindəyik. O zamanlar sadəcə xəyalını qurduğumuz qarşılıqlı fikir alış-verişi artıq möhtəşəm bir reallığa çevrilib. Bu gün ətrafımızda kibertəhlükəsizlik sahəsinə könül vermiş, daim inkişaf edən və öz biliklərini digərləri ilə paylaşan böyük bir peşəkarlar şəbəkəsi var. Uzun və əziyyətli başlayan bu yolda artıq tək deyilik; böyüyən, öyrədən və güclənən bir “Community”nin mərkəzindəyik. İndi isə hədəfimiz bu icmanın gücünü daha da strukturlaşdırmaq, müasir kiber təhdidlərə qarşı birlikdə mübarizə aparmaq və bizə qoşulacaq hər kəslə bərabər daha böyük uğurlara imza atmaqdır.
